Xalq artisti, tarzən və ud ifaçısı Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada folklor ansamblı konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan muğamları üzərində caz kompozisiyaları, bəstəkar və xalq mahnıları yüksək məharətlə təqdim olunub. Tar, ud, tütək, zurna, balaban və nağara kimi milli musiqi alətlərimizin ifası təqdim olunan kompozisiyalara xüsusi rəng qatıb.
Ansamblın təqdim etdiyi rəngarəng və zəngin repertuar izləyicilərə dərin təsir bağışlayıb, tamaşaçılar Azərbaycan ruhunu daşıyan bu unikal caz musiqisindən böyük zövq alıblar. Konsertdə ifa edilən əsərlər istər klassik caz, istər estrada, istər etnocaz, istərsə də milli Azərbaycan musiqisi olmaqla tamaşaçılara xoş təəssüratlar bəxş edib.
Azərbaycan musiqisi ilə tanış olmayan bəzi avstriyalı dinləyicilər konsertdən sonra qarşılaşdıqları bu fövqəladə musiqi aləminin onları valeh etdiyini xüsusi vurğulayıb, bu kimi layihələrin tez-tez həyata keçirilməsini arzulayıblar.

