Teatr

Mənfi rolların klassik ifaçısı

Xalq artisti Məlik Dadaşov

Azərbaycanın Xalq artisti Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb. Məlik Dadaşov Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindəndir.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 101-ci ildönümü tamam olur.

Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunub. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Dram Teatrının truppasına daxil olub və burada ilk dəfə H.Muxtarovun “Ailə namusu” pyesində rol alıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsində Ə. Ələkbərov, M.Məmmədov, A.İsgəndərov və onlarla digər sənət korifeyləri vardı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb.

Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.

Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.