Opera

Opera və Balet Teatrının təqdimatında Müstəqillik Günü münasibətilə konsert keçirilib

Opera və Balet Teatrının təqdimatında Müstəqillik Günü münasibətilə konsert keçirilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında 28 May – Müstəqillik Günü münasibətilə təntənəli konsert proqramı keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə teatrın simfonik orkestri və xorunun canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, baş xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə teatrın xor kollektivi, balet truppası və bir çox görkəmli vokal ifaçıları iştirak ediblər.

Gecədə Xalq artistləri Nəzakət Teymurova, Gülnaz İsmayılova, Gülyaz Məmmədova, Elçin Həşimov, Əməkdar artistlər İlahə Əfəndiyeva, Gülüstan Əliyeva, Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Cahangir Qurbanov, Fərid Əliyev, Elnur Əhmədov, Elnur Zeynalov, Anar Mikayılov, Makar Ferştandt, solistlər Fatimə Cəfərzadə, Gülzar Fərəcova, Atəş Qarayev, Orxan Cəlilov, Fuad Əzizzadə, Mirəli Sarızadə, Taleh Yahyayev, Fəhmin Əhmədli, Ayan Eyvazova, Liana Mirabdullayeva, Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri – Əməkdar artist Çinarə Heydərova (qanun), Yusibli Vasif (ud), Mustafayev Amil (nağara), həmçinin Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança) müxtəlif əsərlər səsləndiriblər.

Konsert proqramına dahi Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. İfa edilən əsərlər arasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrə dueti, Fikrət Əmirovun “Azərbaycan elləri”, Niyazinin “Vətən nəğməsi”, Tofiq Quliyevin “Bakı, əziz şəhər”, Rauf Hacıyevin “Bakı haqqında mahnı”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Müslüm Maqomayevin “Odlar ölkəsi”, Şəfiqə Axundovanın “Mehriban olaq”, Bəhram Nəsibovun “Qarabağ”, Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” və xalq mahnısı “Şuşanın dağları” yer alıb.

Balet truppası tərəfindən təqdim olunan Üzeyir Hacıbəylinin “Koroğlu” operasından fraqment, Rauf Hacıyevin “Azərbaycan süitası”, Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletindən “İgidlərin rəqsi” də nümayiş olunub.

Proqramın aparıcısı Samirə Mustafayeva, rejissoru isə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.