Sentyabrın 30-da “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yeni ofisinin açılışı münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları ilk olaraq Bakı şəhərində ucaldılmış Aşıq Ələsgərin abidəsini ziyarət ediblər. Abidə önünə əklil və gül dəstələri qoyularaq, böyük ustadın əziz xatirəsi ehtiramla yad edilib.
İctimai Birliyin sədri Xətai Ələsgərli bildirib ki, Dədə Ələsgərin abidəsinin açılışı 2024-cü ilin bu günü cənab Prezident İlham Əliyev və oğlu Heydər Əliyevin iştirakı ilə baş tutub. İctimai təşkilat olaraq biz hər il bu əlamətdar günü qeyd edir, Aşıq Ələsgər irsinə ehtiramımızı bildiririk. Bu il isə həmin tarix “Dədə Ələsgər Ocağı”nın yeni ofisinin açılışı ilə üst-üstə düşdü. Bu münasibətlə, ilk növbədə, ölkə başçısına təşəkkürümü bildirmək istəyirəm. Mən abidənin açılışı zamanı cənab Prezidentdən təşkilatımız üçün məkan ayrılması ilə bağlı xahiş etmişdim.
Mən hesab edirəm ki, Dədə Ələsgər irsinin, xüsusilə gənc nəslin tərbiyəsində, onların dünyagörüşünün və şəxsiyyət kimi formalaşmasında çox böyük əhəmiyyəti var. Aşıq Ələsgər Dədə Qorquddan üzü bəri gələn “dədəlik” missiyasının daşıyıcısı olub. O, bu missiyanı sazı və sözü ilə həyata keçirib.
Bu yeni məkan qarşıdakı illərdə Dədə Ələsgər irsinin tədqiqi və təbliği, Azərbaycan aşıq sənətinin yaşadılması və milli-mədəni dəyərlərimizin qorunması istiqamətində yeni layihələrin həyata keçirilməsi üçün böyük imkanlar açacaq. Ofisin açılışının “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin yaradılmasının 5 illiyinə təsadüf etməsi tədbirə xüsusi əhəmiyyət qazandırıb. İctimai Birliyin ötən beş il ərzində gördüyü işlər barədə geniş məlumat verilib. Bildirilib ki, təşkilat fəaliyyət göstərdiyi müddətdə Azərbaycan aşıq sənətinin, xüsusilə Dədə Ələsgər irsinin qorunması, araşdırılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirib. Diqqətə çatdırılıb ki, beş il ərzində İctimai Birlik tərəfindən 70-dən artıq tədbir və layihə icra olunub. Bu çərçivədə Dədə Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş elmi-ədəbi görüşlər, yubiley və anım tədbirləri, kitab təqdimatları, mədəni proqramlar, aşıq sənətinin müxtəlif istiqamətlərinə həsr olunmuş görüşlər və maarifləndirici layihələr təşkil edilib.
Tədbirdə İctimai Birliyin İdarə Heyətinin üzvü, “Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği” Mərkəzinin sədri Abbas Bağırov, Azərbaycan alimi, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi və əməkdar elm xadimi, Rusiya Təbiət Elmləri Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının akademiki, Azərbaycan Epidemioloqları, Mikrobioloqları və Parazitoloqları Cəmiyyətinin sədri, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin İdarə Heyətinin üzvü İbadulla Ağayev, tibb elmləri doktoru, akademik Nuru Bayramov, türkoloq, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Çingiz Abdullayev, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni, şair, yazıçı Şərif Ağayar, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Yusif Nəğməkar, “Əlil Qadınlar” İctimai Birliyinin sədri Məhluqə Rəhimova, professor Rəhilə Abdullayeva, şairə Sara Göyçəli, Natiq Qasımov, Elmira Hüseynova, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin müşaviri, AJB-nin, TDQŞ və DGTY birliyinin üzvü Gülnar Şamilqızı, Dədə Ələsgər ocağının nümayəndələri, eləcə də elm, ədəbiyyat, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Dədə Ələsgər irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin beşillik fəaliyyətini yüksək qiymətləndiriblər.
Eyni zamanda Dədə Ələsgərin yaradıcılığı və zəngin irsi ilə bağlı çoxsaylı kitabların hazırlanması və nəşr olunması xüsusi vurğulanıb. Bildirilib ki, bu nəşrlər ustadın irsinin daha dərindən öyrənilməsi, onun fəlsəfi və poetik dünyasının araşdırılması, eləcə də geniş oxucu auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda Dədə Ələsgərin Azərbaycan aşıq sənətindəki müstəsna mövqeyindən, poeziyasının xalqımızın milli-mənəvi yaddaşındakı rolundan və ustad-şəyird ənənələrinin yaşadılmasının vacibliyindən danışılıb.
Qeyd olunub ki, Dədə Ələsgər irsinin qorunması, tədqiq edilməsi və gələcək nəsillərə çatdırılması qarşıda duran mühüm vəzifələrdəndir.
Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri də təqdim olunub. Bildirilib ki, gələcək mərhələdə Dədə Ələsgər irsinin daha geniş şəkildə araşdırılması və təbliği, yeni kitabların hazırlanması, elmi və ədəbi layihələrin həyata keçirilməsi, aşıq sənətinin inkişafına dəstək verilməsi, gənc nəslin saz və söz sənətinə marağının artırılması, ustad-şəyird ənənələrinin qorunması və milli-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlər davam etdiriləcək.
Tədbirə qatılan alim və ziyalılar Dədə Ələsgərin Azərbaycan mədəniyyətindəki xüsusi yerindən, yaradıcılığının elmi və ədəbi əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə aparılan araşdırmaların və nəşrlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbir iştirakçıları yeni ofisin gələcəkdə alimlərin, tədqiqatçıların, aşıqların, yazıçı və şairlərin, gənclərin, eləcə də Dədə Ələsgər yaradıcılığına maraq göstərən hər bir kəsin bir araya gəldiyi mühüm mədəniyyət və fikir məkanına çevriləcəyinə əminliklərini ifadə ediblər.
Sonda Dədə Ələsgər irsinin yaşadılması, Azərbaycan aşıq sənətinin qorunması və milli-mədəni dəyərlərimizin gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyət göstərən alimlərə, ziyalılara, sənət adamlarına və Ələsgərsevərlərə dərin təşəkkür bildirilib.
“Dədə Ələsgər Ocağı” İctimai Birliği bundan sonra da Azərbaycan aşıq sənətinin inkişafına, Dədə Ələsgərin zəngin irsinin tədqiqi və təbliğinə, saz-söz ənənələrinin yaşadılmasına və milli-mədəni irsimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına yönəlmiş fəaliyyətini əzmlə davam etdirəcək.
#AşıqƏləsgər #DədəƏləsgərOcağı

