19 sentyabr 2026-cı ildə Estoniyanın paytaxtı Tallində yerləşən tarixi Tallinn Raekoda binasında Milli Mədəniyyətlər Günləri çərçivəsində Azərbaycan milli musiqisinə və böyük ustad Aşıq Ələsgərin zəngin yaradıcılıq irsinə həsr olunmuş “Saz və Balaban” adlı musiqili konsert və rəsm sərgisi keçirilib.
Mədəni tədbir Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyinin və “Buta” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rövşən Nurun təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi Azərbaycanın zəngin musiqi və mədəni irsini Estoniya ictimaiyyətinə təqdim etmək, milli musiqi alətlərimizi və Aşıq Ələsgər yaradıcılığını tanıtmaq, eləcə də Azərbaycan və Estoniya arasında mədəni əlaqələrin daha da inkişafına töhfə vermək olub.
Konsert proqramında Azərbaycanın milli musiqi alətlərinin mahir ifaçıları — Elnur İmanov, Mübariz Əliyev, Fikrət Əliyev və İlqar Səfərəliyev çıxış ediblər. Sənətçilərin ifasında Azərbaycan musiqisinin zəngin melodikası və milli musiqi ənənələri Tallinn Raekodanın tarixi atmosferində tamaşaçılara təqdim olunub.
Tədbirin bədii proqramını “Qratsia” və “Pääsuke” rəqs qruplarının çıxışları da tamamlayıb. Azərbaycan musiqisi ilə rəqs sənətinin vəhdəti gecəyə xüsusi rəng qatıb.
Tədbirə Estoniya ictimaiyyətinin, Azərbaycan diasporunun və müxtəlif mədəniyyət nümayəndələrinin böyük maraq göstərdiyi, konsertin tam dolu zal qarşısında keçirildiyi bildirilib.
“Saz və Balaban” layihəsi çərçivəsində Aşıq Ələsgərin yaradıcılıq irsi Azərbaycan aşıq sənətinin mühüm tərkib hissəsi kimi Estoniya tamaşaçılarına təqdim olunub. Aşıq sənətinin əsas rəmzlərindən olan sazın səsi və milli musiqimizin digər elementləri vasitəsilə Azərbaycanın çoxəsrlik musiqi ənənələri beynəlxalq auditoriyaya çatdırılıb.
Tədbirin təşkilinə göstərilən dəstəyə görə Tallinn şəhərinə və Estoniya İnteqrasiya Fonduna təşəkkür ifadə olunub.
Layihəyə göstərilən dəstəyə görə Armudu, Kişmiş, Kamikadze və MeatHub restoranlarına, Torudeabi şirkətinə, həmçinin tədbirin təşkilinə töhfə verən bütün həmvətənlərə minnətdarlıq bildirilib.
Azərbaycanın Estoniyada musiqisinin, incəsənətinin və zəngin mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyan tədbir iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti addımlardan biri kimi qiymətləndirilir.
“Saz və Balaban” konserti bir daha göstərib ki, musiqi və sənət xalqlar arasında qarşılıqlı anlaşma və dostluq üçün universal körpüdür. Azərbaycan və Estoniya arasında bu cür mədəni layihələrin həyata keçirilməsi hər iki xalqın milli-mədəni dəyərlərinin qarşılıqlı tanıdılmasına xidmət edir.
Azərbaycan və Estoniya — musiqi, incəsənət və mədəniyyət vasitəsilə bir səhnədə!
Jurnalist,şairə
Gülnar Samilqızı

