Aşıq yaradıcılığı Xəbərlər

İslam Ələsgərin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub

2025-ci il iyunun 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında folklorşünas alim, Aşıq Ələsgər irsinin yorulmaz tədqiqatçısı İslam Ələsgərin anadan olmasının 100 illik yubileyi münasibətilə Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə yubiley gecəsi keçirildi.
Tədbir Azərbaycan ədəbiyyatının və xalq yaradıcılığının nadir simalarından olan Aşıq Ələsgər irsinin elmi şəkildə araşdırılıb qorunmasında müstəsna xidmətləri olan İslam Ələsgərin zəngin irsinə həsr olunub.
Qorxmaz Tofiqoğlunun aparıcılığı ilə keçirilən yubiley gecəsində Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli, tanınmış elm və mədəniyyət xadimləri filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, millət vəkili, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, akademik Muxtar İmanov, tibb elmləri doktoru İbadulla Ağayev, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, tədqiqatçı Hacı Loğman Babacanlı və şair-publisist Ramiz Qusarçaylı çıxış edərək İslam Ələsgərin Aşıq Ələsgər irsinin toplanması, nəşri və elmi əsaslarla öyrənilməsindəki əvəzolunmaz rolundan danışıblar.
Tədbirin bədii hissəsində Azərbaycan musiqisinin və aşıq sənətinin görkəmli nümayəndələrinin çıxışları gecəyə xüsusi rəng qatıb. Gecədə Aşıq Ramin Qarayev, “İrəvan” xalq çalğı alətləri ansamblı, xanəndə Mehranə Vəliqızı, aşıq Dərya Mərdənzadə, aşıq Təbriz Vəliyev (balabançı Əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov), vokalist Marianərmin Əjdərova, aşıq Cəmaləddin Quliyev və gənc aşıq Hüseyn Laçınlı çıxış ediblər.
Tədbir çərçivəsində İslam Ələsgərin şəxsiyyəti və elmi irsi ilə bağlı dəyərli fikirlər səsləndirildi. Onlardan biri də Moskvada yaşayan professor Ələddin Allahverdiyevə məxsus idi. Onun səmimi və duyğulu məktubu yubiley gecəsində tədbirin aparıcısı Qorxmaz Tofiqoğlu tərəfindən səsləndirildi:
“Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram! 1959-cu ildən yaxından tanıdığım gözəl insan, dəyərli pedaqoq, görkəmli ələsgərşünas alim İslam Talıb oğlu Ələsgərovun ziyalı siması qəlbimdə xoş xatirələrlə yaşayır. Aşıq poeziyasının peyğəmbəri, birmənalı olaraq zirvəsi hesab edilən fenomen, möcüzəli şəxsiyyət Dədə Ələsgərin yaradıcılığının tədqiqində, toplanmasında, təbliğində misilsiz xidmətləri olan İslam Ələsgərin milli ədəbiyyatımızda xüsusi yeri var. İslam müəllimin gördüyü bənzərsiz işlər olmasaydı, bu gün saysız-hesabsız monoqrafiyalar, elmi məqalələr, Ələsgər şeiri ilə səslənən musiqi əsərləri, aşıqlarımızın daim üz tutduğu zəngin söz mücrüsü olmazdı. Əminəm, bu gün, bu tədbirdə İslam Ələsgərin həyatı, xatirəsi xoş sözlərlə anılacaq və yaradıcılığı haqqında çoxsaylı dəyərli fikirlər səslənəcək. Onların hər birinə şərik olaraq, İslam müəllimə Allahdan rəhmət diləyir, ruhu şad, məkanı cənnət olsun, deyirəm.”
Tədbirdə yadda qalan məqamlardan biri də ustad sənətkarların irsinin ailə yaddaşında necə yaşadığını əks etdirən mənalı bir təqdimat oldu. Vaxtilə ulu saz ustadı Aşıq Ələsgərin portretini nənəsinin canlı xatirələrinə əsaslanaraq çəkmiş tanınmış rəssam Nailə Ələsgərli, bu dəfə İslam Ələsgərin portretini ərsəyə gətirərək onu Dədə Ələsgər Ocağı İctimai Birliyinə hədiyyə etdi.
Tədbir çərçivəsində Aşıq Ələsgər irsinin tədqiqi və təbliği sahəsində xidmətləri olan bir sıra şəxslər “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunub. Bu mükafata Qəzənfər Paşayev, Rafael Hüseynov və Hacı Abbas Bağırov layiq görülüblər. Folklorşünas alim İslam Ələsgər ölümündən sonra həmin medalla təltif edilmiş və mükafat ailəsi adından Xətai Ələsgərliyə təqdim olunmuşdur.
Həmçinin “İrəvan” xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Maya Qafarova Fəxri Diplomla təltif olunub.
Yubiley gecəsində İslam Ələsgərdən bəhs edən video çarx izlənilib.
Tədbir bir daha göstərdi ki, İslam Ələsgərin elmi və mənəvi mirası, Aşıq Ələsgər irsini gələcək nəsillərə daşımaq baxımından əvəzsiz əhəmiyyətə malikdir.