Xəbərlər

PEDAQOQ–ŞAİR ZÖHRƏ QARAQIZININ 75 İLLİK YUBİLEYİ QEYD OLUNUR

Azərbaycan təhsil və ədəbiyyat mühitində özünəməxsus yeri olan pedaqoq–şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Zöhrə Qara qızı (Məhəmmədova Zöhrə Qara qızı)nın anadan olmasının 75 illik yubileyidir.

Zöhrə Qara qızı 1 yanvar 1951-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Yanıqpəyə kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Gölkənd kənd orta məktəbində əla qiymətlərlə başa vurmuş, 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, riyaziyyat müəllimi ixtisası üzrə ali təhsil almışdır.

1973-cü ildən pedaqoji fəaliyyətə başlayan Zöhrə Qara qızı uzun illər Azərbaycan təhsil sistemində məsul vəzifələrdə çalışmışdır. O, 1976–1979-cu illərdə Bakı şəhəri Balaxanı qəsəbəsindəki 204 nömrəli orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1979–1984-cü illərdə Sabunçu rayon maarif şöbəsində metodist, 1984–1991-ci illərdə N.Nərimanov adına 128 nömrəli orta məktəbdə, 1991–2018-ci illərdə isə Sabunçu rayonundakı 155 nömrəli tam orta məktəbdə məktəb direktoru vəzifəsində çalışmışdır.

Səmərəli və qüsursuz pedaqoji fəaliyyətinə görə dəfələrlə Təhsil şöbəsi, Təhsil idarəsi və Respublika Həmkarlar Komitəsi tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşdur.

Zöhrə Qara qızı pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbi yaradıcılığı ilə də tanınır. O, dövrü mətbuatda, qəzet və jurnallarda mütəmadi çıxış etmiş, Vətən sevgisi və vətənpərvərlik duyğularını tərənnüm edən əsərləri ilə oxucuların rəğbətini qazanmışdır.

Ədəbi və ictimai fəaliyyətinə görə 1998-ci ildə Azərbaycan (KİVİHİ) Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan bayrağı” fəxri mükafatı laureatı, 2008-ci ildə “Qızıl qələm” media mükafatı laureatı olmuşdur. 2022-ci ildə Türkiyənin Adana şəhərində keçirilən VII Uluslararası Çukurovada Türk dünyası şeir və musiqi festivalında “Türk xalqları birliyi” medalı, 2025-ci ildə Qazaxıstanda keçirilən X Uluslararası Türk dünyası şeir və musiqi festivalında isə “Hakim Abay” medalı ilə təltif edilmişdir. Həmçinin 2025-ci ildə Bursada Azərbaycanın Zəfər günlərinə həsr olunmuş tədbirlərdə fəal iştirakına görə “Təşəkkür Belgesi” ilə təltif olunmuşdur.

Səkkiz kitabın müəllifi olan Zöhrə Qara qızının yaradıcılığında Vətən sevgisi və vətənpərvərlik mövzusu əsas yer tutur. Onun “Vətən eşqim” adlı kitabı özbək dilinə tərcümə edilmişdir.

Üç övlad, dörd nəvə anası olan Zöhrə Qara qızı bu gün də zəngin həyat və yaradıcılığı ilə gənc nəsil üçün örnəkdir.

75 illik yubileyi münasibətilə Zöhrə Qara qızını təhsil və ədəbiyyat ictimaiyyəti adından təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.