Azərbaycan Aşıqlar Birliyinin üzvü, Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü, tanınmış aşıq, sənətkar və pedaqoq Aşıq Ramin Qarayevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Aşıq Ramin Qarayev Azərbaycan aşıq poeziyasının inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə 2021-ci ildə “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edilib.
O, milli-mənəvi irsimiz olan aşıq sənətinin dünya miqyasında tanıdılmasında mühüm rol oynamış, xüsusilə də Türk dünyasında aşıq poeziyasının təbliği sahəsində əhəmiyyətli fəaliyyət göstərmişdir. Türksoylu ölkələrlə mədəni əlaqələrin inkişafına verdiyi töhfələr sayəsində Azərbaycan aşıq sənətinin nüfuzunu daha da yüksəltmişdir.
2009-cu ildə Azərbaycan aşıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi ərəfəsində Fransanın Paris və Strasburq şəhərlərində, eləcə də YUNESKO-nun Baş Qərargahında keçirilən “Müxtəliflik Bayramı” Beynəlxalq Festivalında ölkəmizi uğurla təmsil etmişdir. Həmin ilin payızında isə Böyük Britaniyanın London, Nyukasl, Bricston və Kurnool şəhərlərində verdiyi konsert proqramları ilə milli saz-söz sənətimizi beynəlxalq auditoriyaya böyük ustalıqla çatdırmışdır.
Yüksək səs diapazonu və ustadlıqla ifa etdiyi saz sənəti ilə seçilən Aşıq Ramin Qarayev hazırda Xəzər Universitetində müəllim kimi fəaliyyət göstərməklə, gələcək nəsil sənətkarların yetişməsinə töhfə verməkdədir.
Aşıq Ramin Qarayev! Sizə can sağlığı, yaradıcılıq uğurları və yeni sənət zirvələri arzulayırıq! Əsrlərin yaddaşından süzülüb gələn saz-söz sənətimizə verdiyiniz töhfələr daim yaşayacaq.
Hörmətlə, Dədə Ələsgər Ocağı İctimai Birliyi

